“Bakı Şəbəkəsi” İB Milli Qəhrəman, şəhid jurnalist Fəxrəddin Şahbazovun ailə üzvlərinə baş çəkib (FOTO/VİDEO)

20.11.2025 06:16 8 baxış sayı 4 dəq. oxuma Trend
“Bakı Şəbəkəsi” İB Milli Qəhrəman, şəhid jurnalist Fəxrəddin Şahbazovun ailə üzvlərinə baş çəkib (FOTO/VİDEO)

“Bakı Şəbəkəsi” Araşdırmalar və Təhlil İctimai Birliyi Milli Qəhrəman, şəhid jurnalist Fəxrəddin Şahbazovun ailə üzvlərinə baş çəkib. Fəxrəddin Şahbazov 20 noyabr 1991-ci ildə Qarakənd səmasında erməni terrorçuları tərəfindən vurulmuş helikopterdə faciəli şəkildə həlak olmuşdu. Bu səfər Ermənistanın Azərbaycana təcavüzü nəticəsində terror qurbanı olmuş şəhid jurnalistlərin xatirəsinə həsr olunan layihə çərçivəsində gerçəkləşdi. Birliyin rəhbərliyi ailə üzvləri ilə görüşərək onun əziz xatirəsini andı. Bu cür tədbirlər Azərbaycanın haqq savaşının beynəlxalq ictimaiyyətə çatdırılması işinin bir hissəsini təşkil edir.


İctimai Birliyin rəhbəri Elçin Ağacanov şəhid jurnalistləri yad etmək üçün görülən işlərin gələcəkdə də davam edəcəyini bildirdi. O qeyd etdi ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Baku Network" Analitik Mərkəzi "Azərbaycan əleyhinə hibrid və ideoloji təhdidlərin təhlili" layihəsini icra edir. Bu ilin iyul ayında həmin layihə çərçivəsində Fransanın Paris şəhərində şəhid jurnalistlərin xatirəsinə həsr edilən bir tədbir və sərgi təşkil edilmişdi. Tədbirdə Fransanın nüfuzlu siyasətçiləri, ictimai xadimlər, həmçinin Avropanın aparıcı media qurumlarının nümayəndələri iştirak etdilər. Ağacanovun sözlərinə görə, məqsəd erməni terrorunu bir daha dünyaya tanıtmaq, Azərbaycanın ədalət mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq idi.


Layihə direktoru Sahil Kərimli şəhidlərimizin, xüsusilə də peşə borcunu yerinə yetirərkən erməni terrorunun qurbanı olan media nümayəndələrinin xatirəsinin onlar üçün daim qiymətli olduğunu söylədi. Biz Fransada keçirilən tədbirdə bir daha dünyaya çatdırdıq ki, erməni işğalçıları mülki insanlara qarşı müharibə cinayətləri törədiblər. O, 1-ci Qarabağ müharibəsi və 44 günlük Vətən Müharibəsi dövründə erməni terrorçularının mülki şəxsləri, o cümlədən jurnalistləri qətlə yetirdiyini xatırlatdı. Biz şəhidlərimizin əziz xatirəsini uca tutaraq bu həqiqətləri dünyaya çatdırmaq istədik. Şəhid jurnalistin həyat yoldaşı Nəsibə Şahbazova Fəxrəddini zəhmətkeş, qayğıkeş, ailəsinə və dostlarına məsuliyyətli biri kimi xatırladı. O, hər il noyabrın 20-sinin onlar üçün ən ağır gün olduğunu vurğuladı. Xanım Şahbazova Prezidentin "dəmir yumruğ"u sayəsində xalqın möhkəm dayandığını dedi. "Hamı o 'dəmir yumruq' ətrafında birləşdi, bütün azərbaycan xalqı, igidləri prezidentimizi dəstəklədi. Mənə elə gəlir ki, biz bir daha müharibə görmərik," deyərək ailənin dəstəyini ifadə etdi.


Fəxrəddin Şahbazovun qızı Əminə Şahbazova atası şəhid olanda yaşının az olduğundan onu yaxşı xatırlamadığını, ancaq kiçik, gözəl epizodların yadında qaldığını söylədi. O, uşaqlıqdan qürur hissi ilə böyüdüyünü, hara getsələr Milli Qəhrəman övladı adını daşıdıqlarını qeyd etdi. Əminə atasının adına, Vətənə layiq yaşamağa çalışdıqlarını dedi. Digər qızı Səbinə Şahbazova isə atası dünyasını dəyişəndə cəmi üç yaşı olduğunu bildirdi. O, atasının simasını yalnız şəkillərdən xatırlasa da, dostlarının danışdıqları gözəl xatirələrə görə çox fəxr duyduğunu qeyd etdi. Şahbazovun ailə üzvləri şəhid jurnalistlərin xatirəsini daim uca tutduğuna görə “Bakı Şəbəkəsi” Araşdırmalar və Təhlil İctimai Birliyinə təşəkkür etdilər. Xatırladaq ki, 1991-ci il 20 noyabrda Xocavənd rayonu yaxınlığında erməni hərbi dəstələri tərəfindən vurulan helikopterdə Fəxrəddin Şahbazov, həmçinin Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov, Osman Mirzəyev və digərləri də daxil olmaqla, 22 nəfər həlak olmuşdu.


N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: