"Bakı Metropoliteni"ndə işçilərin ixtisarına başlanılıb? - RƏSMİ CAVAB

02.12.2025 12:55 14 baxış sayı 2 dəq. oxuma Trend
"Bakı Metropoliteni"ndə işçilərin ixtisarına başlanılıb? - RƏSMİ CAVAB

“Bakı Metropoliteni” QSC-də əməkdaşların mövcud əmək münasibətlərinə məcburi şəkildə xitam verilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bakı Metropoliteni bu barədə sorğuya cavab olaraq rəsmi açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, qurumda aparılan səmərəlilik qiymətləndirmələri yekunlaşıb.


Qiymətləndirmələr nəticəsində müəyyən edildi ki, metro fəaliyyətinin əsas əməliyyatlarından kənar olan bəzi xidmətlər- o cümlədən yaşıllaşdırma və təmizlik işləri- bazarda bu sahə üzrə ixtisaslaşmış müəssisələr tərəfindən daha effektiv şəkildə həyata keçirilə bilər. Bu səbəbdən, metroda əməliyyat səmərəliliyini artırmaq üçün qərar qəbul edildi. Bu qərar resursları birbaşa sərnişindaşıma təhlükəsizliyinə və əsas istehsalat proseslərinə yönəltməyə imkan verir. Həmin xidmətləri bundan sonra kənar ixtisaslaşmış şirkətlər göstərəcək.


Cəmiyyətin təmizlik və yaşıllaşdırma xidmətinin fəaliyyəti dayandırıldıqdan sonra, işçilərin əmək münasibətlərinin davamlılığını təmin etmək üçün qurum zəruri addımlar atıb. Bu sahələrdə işləyən şəxslərlə əmək münasibətləri qanunvericiliyin tələblərinə tam uyğun tənzimlənəcək. Bu əməkdaşlara üç əsas seçim təklif olunur: xidmətləri icra edəcək ixtisaslaşmış şirkətlərdə işlə təmin olunmaq; “Bakı Metropoliteni” QSC-də mövcud olan digər iş yerləri üzrə uyğun alternativ iş təklifi almaq; və ya qanunvericiliyin tələb etdiyi hallarda müvafiq kompensasiya və müavinətlərin ödənilməsi. “Bakı Metropoliteni” QSC bütün bu prosesləri şəffaflıqla, sosial məsuliyyət prinsipinə və əməkdaşların hüquqlarının qorunmasına tam riayət etməklə həyata keçirdiyini bildirir. Təsdiqlənmiş məlumatlar yalnız qurumun rəsmi kanalları vasitəsilə ictimaiyyətə təqdim olunacaq.


E
Maliyyə siyasəti şərhçisi

Vergi siyasəti və dövlət büdcəsi haqqında yazıram. Rəqəmlərlə işləməyi xoşlayıram və bunu oxuculara anlaşıqlı şəkildə çatdırmağa çalışıram.

Bütün məqalələrə baxın
Paylaş: