Azərbaycanın Zəfəri – Tarixi ədalətin bərpası

08.11.2025 06:56 8 baxış sayı 4 dəq. oxuma Trend
Azərbaycanın Zəfəri – Tarixi ədalətin bərpası

8 Noyabr tarixi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış ən şərəfli günlərdən biridir. Milli Məclisin deputatı Sevil Mikayılova verdiyi açıqlamada bu günün xalqın birliyi, ordunun igidliyi və şəhidlərin müqəddəs qanı ilə yazılmış Zəfər Günü olduğunu bildirib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan bu qələbə torpaqlarımızın azadlığını və milli qürurumuzun bərpasını təmin etdi. Bu tarix yüzillik mübarizə və əzmlə qorunan Vətən torpaqlarının azadlığı uğrunda əldə edilmiş böyük Qələbənin simvoludur. Bu Zəfər təkcə hərbi yox, həm də milli birliyin və xalq ilə ordunun sarsılmaz həmrəyliyinin təntənəsidir. Otuz ilə yaxın işğal altında qalan ərazilərimiz qəhrəman oğullarımızın canı və qanı bahasına azad edildi. Bu qələbə eyni zamanda Azərbaycan tarixində yeni bir dövrün - quruculuq, dirçəliş və sülhün təmin olunması mərhələsinin başlanğıcı oldu.


Deputat qeyd edib ki, Şuşanın azad edilməsi Zəfərin ən yüksək zirvəsi idi. Bu hadisə Azərbaycanın mədəniyyət beşiyinin yenidən Vətənə qovuşması deməkdir. 8 Noyabrın Zəfər Günü kimi qeyd olunması hər bir azərbaycanlının qəlbində fəxarət hissi yaradır. 44 günlük müharibə zamanı göstərilən qəhrəmanlıq, döyüş ruhu və vətən sevgisi Azərbaycan xalqının tarixi boyunca formalaşmış milli kimliyinin ən parlaq təzahürüdür. Qazilərimizin igidliyi, şəhidlərimizin fədakarlığı və xalqın birliyi bu Zəfəri gerçəkləşdirdi. Bu gün işğaldan azad edilmiş torpaqlarda yeni həyat qurulur. Yollar, məktəblər, şəhərlər bərpa edilir, üçrəngli bayrağımız azad yurdlarımızda qürurla dalğalanır. Hər daşın, hər ağacın altında qəhrəmanlıq və sədaqət hekayəsi yaşayır.


Prezident İlham Əliyevin strateji düşüncəsi, diplomatik çevikliyi və hərbi-siyasi uzaqgörənliyi sayəsində Azərbaycan həm döyüş meydanında, həm də beynəlxalq arenada tarixi ədaləti bərpa etdi. Müharibənin hər anı dövlət başçısının xalqa verdiyi mesajlarda öz əksini tapırdı. Onun çıxışları, xalqa müraciətləri insanların ruhunu qaldırır, hər vətəndaşda qələbəyə inam yaradırdı. Müzəffər Ali Baş Komandan həm diplomatik cəbhədə, həm də informasiya savaşında qeyri-adi liderlik nümayiş etdirdi. Şuşanın 8 Noyabr 2020-ci ildə azad olunması xəbəri bütün Azərbaycan xalqını böyük sevincə qərq etdi. Bu, Prezident İlham Əliyevin illərlə ardıcıl şəkildə qurduğu güclü dövlətin, müasir ordunun və milli birliyin nəticəsi idi. Məhz onun rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Üçrəngli bayrağımız yenidən Şuşada, Xankəndidə və Qarabağın hər yerində dalğalandı. Bu qələbə yalnız hərbi uğur yox, həm də mənəvi və siyasi bir zəfərdir. Dövlət başçısı bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı ədalətini özü təmin etməyə qadirdir.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: