
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri yüksələn xətlə inkişaf edir - Xanlar Fətiyev

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya dövlətləri ilə münasibətlər prioritet istiqamət kimi qəbul edilir. Bu coğrafiyada yerləşən dövlətlərlə əlaqələr strateji məzmunda inkişaf edir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədəki fikirlər göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasındakı əməkdaşlıq strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri ruhunda formalaşır. Münasibətlərin yüksək səviyyəsini görmək üçün dövlət başçılarının intensiv qarşılıqlı səfərlərinə baxmaq kifayətdir. Prezident Əliyevin qeyd etdiyi kimi, son bir neçə ildə dövlət başçıları arasında təmasların dinamikası münasibətlərin yüksək səviyyəsini aydın göstərir. Məsələn, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları respublikamıza təxminən 30 səfər ediblər. Prezident İlham Əliyev isə həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə olub.
Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələrinin əhəmiyyətini göstərən başqa bir fakt da Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə dəvət edilməsidir. Bu görüşlərin keçirilməsi təşəbbüsü 2017-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülmüşdü. Əsas məqsəd Mərkəzi Asiya ölkələrinin inkişafına xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlığı, regional və beynəlxalq iqtisadi inteqrasiyanı gücləndirməkdir. Prezident Əliyevin bu görüşlərə dəvət edilməsi dövlət başçısına olan yüksək ehtiramın və Azərbaycanın regionda artan nüfuzunun göstəricisidir. O, indiyə kimi 2023-cü ildə Düşənbədə və 2024-cü ildə Astanada keçirilən Məşvərət görüşlərində iştirak edib. Bu görüşlər Mərkəzi Asiya dövlətlərinin qlobal çağırışlara cavab verməsi ilə yanaşı, onların Azərbaycanla ikitərəfli əməkdaşlığını da genişləndirib. Azərbaycanın coğrafi mövqeyi, malik olduğu tranzit və logistik imkanlar Mərkəzi Asiya dövlətlərinin xarici ticarət əlaqələrinin genişləndirilməsi üçün çox əlverişlidir. Yaxın vaxtda Zəngəzur dəhlizinin işə düşməsi bu sahədə mövcud imkanları artıracaq.
Dövlət başçımız müsahibəsində Azərbaycan-Özbəkistan münasibətləri barədə də danışıb. Özbəkistan Azərbaycan üçün qardaş ölkə və ən yaxın strateji tərəfdaş, həm də müttəfiqdir. Prezident Əliyevin vurğuladığı kimi, bizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əlaqələrin inkişafına təsir edən əsas amil iki dövlətin prezidentləri arasındakı dostluq və şəxsi etimaddır. Prezident İlham Əliyevin ötən il Özbəkistana, Şavkat Mirziyoyevin isə bu il Azərbaycana dövlət səfərləri ikitərəfli əlaqələri tamamilə yeni səviyyəyə qaldırıb. Bu səfərlər zamanı Strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə və digər sənədlər imzalanıb. Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyib və torpaqlarımızın işğaldan azad edilməsini sevinclə qarşılayıb. Özbəkistan Qarabağın yenidən qurulmasında Azərbaycana yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə olub. Füzuli şəhərində böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisi, eləcə də Xankəndidə tikiş fabrikinin yaradılması bu dostluğun təcəssümüdür.
Müsahibədə səsləndirilən rəqəmlər iki dövlət arasındakı iqtisadi-ticari dövriyyənin artan dinamikasını nümayiş etdirir. Əmtəə dövriyyəsi 2024-cü ildə 252 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb. İki ölkə arasında tranzit daşımalarının həcmində də böyümə var. Ötən il tranzit daşımaları 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib, 2025-ci ilin ilk doqquz ayında isə bu rəqəm artıq bir milyon tona çatıb. Bu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan səmərəli şəkildə istifadə edildiyini göstərir. Azərbaycan və Özbəkistan uzun illərdir enerji sferasında fəal əməkdaşlıq edirlər. Son dövrlərdə enerji sistemlərinin inteqrasiyasına və bərpaolunan enerji mənbələrinin təşviqinə yönələn sənədlərin imzalanması bu sahədə əməkdaşlığı daha da gücləndirmək üçün yeni perspektivlər yaradır. Prezident İlham Əliyevin müsahibəsi təsdiq etdi ki, Azərbaycan-Özbəkistan münasibətləri bütün müstəvilərdə inkişaf edir, bu münasibətlərin əsasında isə iki dövlətin qardaşlığı, strateji tərəfdaşlığı və prezidentlərin dostluğu durur.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Azərbaycanın Mərkəzi Asiya ilə ticarət dövriyyəsi...
Azəri Xəbər

Azərbaycan Prezidenti: Azərbaycanla Mərkəzi Asiya...
Azəri Xəbər

Türkmənistan Prezidenti İlham Əliyevi Azərbaycanın...
Azəri Xəbər

Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya ölkələri Xİ...
Azəri Xəbər
Hikmət Hacıyev: Azərbaycan Mərkəzi Asiya ailəsinin...
Azəri Xəbər

Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçıl...
Azəri Xəbər



