Azərbaycan XİN Zəfər Günü ilə bağlı bəyanat yayıb

07.11.2025 20:26 4 baxış sayı 4 dəq. oxuma Trend
Azərbaycan XİN Zəfər Günü ilə bağlı bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 8 Noyabr - Zəfər Günü ilə bağlı bəyanat yayıb. Nazirliyin bəyanatında bildirilir ki, 8 Noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasında Zəfər Gününün beşinci ildönümü qeyd olunur.


Bu tarix Azərbaycanlıların qəlbinə həkk olunub. O, 44 günlük Vətən Müharibəsində qazanılmış şanlı qələbəni bayram etməklə yanaşı, milli gücün, qətiyyətin və birliyin əbədi rəmzidir. Beş il öncə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əzmkar liderliyi və silahlı qüvvələrimizin misilsiz şücaəti sayəsində otuz ilə yaxın davam edən Ermənistanın hərbi işğalına son qoyuldu. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.


Qarabağ bölgəsinin incisi və Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərinin azad edildiyi 8 noyabr 2020-ci il tarixində Vətən müharibəsi özünün kulminasiya nöqtəsinə çatdı. Bu, xalqımızın tarixində həlledici məqam oldu. Biz bu zəfəri cəsarəti və fədakarlığı hər zaman hörmətlə anılacaq və təqdir ediləcək şəhid və qazilərimizin qəhrəmanlığı hesabına əldə etdik.


Son beş il ərzində ölkəmiz misli görülməmiş bir transformasiya və yenidən canlanma dövrünü yaşayır. “Böyük Qayıdış” proqramı vasitəsilə Azərbaycan özünün sarsılmaz iradəsini və irihəcmli resurslarını işğaldan azad olunmuş ərazilərin bərpası kimi böyük bir vəzifənin icrasına yönəldir. Bir zamanlar xarabalığa çevrilmiş şəhər və kəndlər müasir infrastruktur, ağıllı texnologiyalar və yaşıl enerji həllərindən faydalanaraq yenidən inşa edilir. Məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi bu Zəfərin ali məqsədi və mahiyyətinin ən parlaq ifadəsidir. Genişmiqyaslı yenidənqurma fəaliyyətləri yalnız torpaqlarımızın bərpasına deyil, həm də bu ərazilərin sakinlərinin dayanıqlı gələcəyinin inşasına xidmət edir.


Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini döyüş meydanında təmin etdikdən sonra, hal-hazırda Cənubi Qafqazda dayanıqlı sülhü və regional əməkdaşlığı ardıcıl şəkildə təşviq edir. Azərbaycan regional sabitlik və dayanıqlı inkişaf naminə, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri əsasında Ermənistan Respublikası ilə münasibətlərin normallaşdırılması prosesində aktiv rol oynayır. 8 avqust 2025-ci il tarixində Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderləri arasında Vaşinqtonda baş tutmuş Zirvə görüşü tarixi əhəmiyyət daşıyır.


Vaşinqton Sammitinin yaratdığı müsbət impulsları nəzərəçarpacaq tərəqqiyə çevirmək üçün əsl siyasi iradə və konstruktiv addımlar lazımdır. Bununla əlaqədar, bu mühüm fürsətin düzgün qiymətləndirilməsi və sülh sazişinin imzalanması üçün Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddialarını tam şəkildə aradan qaldırmalıdır. Ermənistan eyni zamanda yeni regional reallıqlara hörmətlə yanaşmalıdır. 8 Noyabr – Zəfər Günü Azərbaycanın güc və əzminin bariz nümunəsidir. Bu gün, zəfər tariximizi xatırlamaqla yanaşı, tərəqqi və regional əməkdaşlığı özündə ehtiva edən gələcəyə ümidlə baxdığımız bir gündür. Xalqımızın çətinliklər qarşısında yenilməz ruhu və müharibə zamanı formalaşdırdığı sarsılmaz həmrəyliyi gələcək nəsillər üçün çıraq rolunu oynayacaq. Biz bu tarixi gündə, şəhid və qazilərimizin şücaət və fədakarlığını, xalqımızın birliyini hörmətlə xatırlayır və ən dərin ehtiramımızı bildiririk. Zəfər Günümüz mübarək!


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: