Azərbaycan xalqının çoxəsrlik tarixinə yazılan qəhrəmanlıq salnaməsi - Vüqar Rəhimzadə

08.11.2025 07:37 4 baxış sayı 7 dəq. oxuma Trend
Azərbaycan xalqının çoxəsrlik tarixinə yazılan qəhrəmanlıq salnaməsi - Vüqar Rəhimzadə

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq” çağırışı 30 illik işğala, 44 günlük İkinci Qarabağ müharibəsinə və post-münaqişə dövrünün reallıqlarına yekun vurdu. 1988-ci ildə başlayan Qarabağ hadisələri erməni ideoloqlarının “dənizdən dənizə böyük Ermənistan” ideyasını gerçəkləşdirmək cəhdi idi. Bu cəhdlər Azərbaycanın kənd və şəhərlərinin dağılması, on minlərlə günahsız insanın qətli və yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal edərək ölkəmizin iqtisadiyyatına və mədəni irsinə ağır zərbə vurdu.


Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu. Ermənistan işğal altında saxladığı əraziləri acınacaqlı vəziyyətə salmış, infrastrukturu tamamilə məhv etmişdi. Ölkəmizə milyardlarla dollar dəyərində maddi ziyan dəymişdi. Buna baxmayaraq, işğal dövrü ərzində torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca Bayrağımızın dalğalanması dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olaraq qaldı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından başlayan inkişaf yolu xalqımızın torpaq həsrətinə son qoydu. Heydər Əliyev müstəqilliyin əbədiliyi naminə ordu quruculuğu sahəsində islahatlar aparırdı. Hələ sovetlər dövründə Cəmşid Naxçıvanski adına hərbi liseyi yaradan Ulu Öndər milli kadrların hazırlanması prosesinin əsasını qoymuşdu. Ulu Öndər hakimiyyətə qayıdışı ilə Azərbaycanı çətinliklərdən xilas etdi və Qələbəyə gedən yolu yaxınlaşdırdı.


2003-cü ildə Heydər Əliyevin xalqa tarixi müraciəti bugünkü və gələcək uğurlara yol açdı. O, cənab İlham Əliyevə Özü qədər inandığını, başa çatdıra bilmədiyi işləri Onun davam etdirəcəyinə əminliyini ifadə etmişdi. Prezident İlham Əliyev bu yolda bütün vədlərini yerinə yetirdi. O, 2018-ci ildə andiçmə mərasimində demişdi ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdi. Bu sözlərdən cəmi iki il yarım keçdi və xalqımız bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etdi. İkinci Qarabağ müharibəsi tarixi ədaləti bərpa etdi. Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq sayəsində Azərbaycan BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutan qətnamələr qəbul edilməsinə nail oldu. Lakin ATƏT-in keçmiş Minsk qrupu 28 illik fəaliyyəti ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmışdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmışdı. Azərbaycan dövləti uzun illər ərzində danışıqlara sadiqlik göstərsə də, işğalçı dövlət daha da azğınlaşırdı.


Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Xalqımız Ali Baş Komandanın bu əmrini 30 ilə yaxın müddətdə gözləyirdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarından sevindirici xəbərlər gəldi. 44 gün ərzində ordumuz irəli gedərək yeni şəhərlər, kəndlər, qəsəbələr və yüksəklikləri azad etdi. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək ərazi bütövlüyünü bərpa etdi. Noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd, o cümlədən mədəniyyət paytaxtımız Şuşa işğalçılardan azad edildi. Noyabrın 9-dan 10-na keçən gecə üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın “məğlubedilməz ordu” mifini dağıtdı. Vətən müharibəsindən sonra da ordu quruculuğu davam etdi. Yeni Komando birləşmələri yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin sayı zənginləşdirildi. Artıq inkaredilməz həqiqətdir ki, Ermənistan və onun arxasında duran istənilən ölkə Azərbaycanla şantaj və ultimatum dili ilə danışa bilməz.


2023-cü ilin sentyabrında Qarabağda aparılan qısamüddətli lokal antiterror tədbirləri ilə suverenliyimiz tam bərpa olundu. Silahlı Qüvvələrimizin hərbi gücünə görə dünya miqyasında yüksək, Cənubi Qafqazda isə birinci sırada yer alması müdafiə qüdrətimizin sarsılmaz gücünün ifadəsidir. Hərbi əməkdaşlıq Türkiyə və Pakistanla genişləndirilir. 44 günlük müharibə həm də Azərbaycanın informasiya cəbhəsində üstünlüyünü göstərdi. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi və beynəlxalq ictimaiyyətə həqiqətləri çatdırdı. Bu Qələbənin əbədiləşdirilməsi üçün Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi yaradıldı. Həmçinin, Hərbi Qənimətlər Parkı açıldı. İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərindən biri kimi müəyyən edilib. Bərpa-quruculuq layihələri ilə yeni mərhələyə qədəm qoyulub. Azad olunmuş ərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21.6 milyard manat vəsait ayrılıb. İlkin mərhələdə 15 yaşayış məntəqəsinin inşası tamamlanıb və əhali qayıdır. Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda 50 mindən çox insan yaşayır. Qalib, bütövləşən Azərbaycan bu gün Zəfərinin beşinci ildönümünü qürurla qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə müasir müstəqil Azərbaycan bütövləşən dövlətə çevrildi.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: