Azərbaycan və Polşa bank assosiasiyaları arasında strateji tərəfdaşlıq gücləndirilib

19.11.2025 06:25 7 baxış sayı 2 dəq. oxuma Trend
Azərbaycan və Polşa bank assosiasiyaları arasında strateji tərəfdaşlıq gücləndirilib

Azərbaycan və Polşa bank assosiasiyaları arasında strateji tərəfdaşlıq əlaqələri gücləndirilib. Bu barədə Polşa Banklar Assosiasiyasının İcraçı vitse-prezidenti Vlodzimierz Kiçinski Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda məlumat verdi. Polşalı maliyyəçi qeyd etdi ki, Azərbaycan Banklar Assosiasiyası ilə uzunmüddətli strateji əməkdaşlığın genişləndirilməsi üçün səylər davam edir. İki ölkə arasında mövcud olan dostluq münasibətləri, uğurlu iqtisadi əməkdaşlıq tarixi, habelə artan ikitərəfli ticarət gələcək əməkdaşlığın daha da möhkəmlənməsi üçün əlverişli şərait yaradır.


Vlodzimierz Kiçinski çıxışında Polşa bank sektorunun quruluşunu izah etdi. O bildirdi ki, Polşa Banklar Assosiasiyası ölkədə fəaliyyət göstərən demək olar ki, bütün bankları təmsil edir. Hazırda Polşada 550 bank işləyir. Bura 65 kommersiya bankı və kənd təsərrüfatı bölgələrində aktiv fəaliyyət göstərən təxminən 500 kooperativ bank daxildir. Polşada özəl və dövlət bankları arasında effektiv əməkdaşlıq qurulub. Bank sektorunun qarşılaşdığı əsas çağırışlar geopolitik proseslər, investisiya həcminin artması və müştəri tələblərinin daha yüksək səviyyədə təmin edilməsi ilə bağlıdır.


Polşa bank sistemi müasir, effektiv və yüksək kapitallaşmış hesab olunur. Texnoloji irəliləyişlər ölkənin maliyyə sektorunda mühüm rol oynayır. Kiçinski qeyd etdi ki, Polşa bank müştərilərinin 50 faizindən çoxu xidmətlərdən yalnız mobil bankçılıq vasitəsilə istifadə edir. Bank texnologiyaları forumunun fəaliyyəti sektorda müasir həllərin tətbiqi baxımından əhəmiyyətlidir. Ölkənin rəqəmsal bankçılıq sahəsindəki nailiyyətləri aydın görünür. Belə ki, dünyanın 34 rəqəmsal bank lideri arasında 4 Polşa bankının yer alması bu sistemin inkişaf səviyyəsini göstərir.


L
Biznes müxbiri

Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.

Bütün məqalələrə baxın
Paylaş: