Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bütün ərazilərimizdə bərqərar olmasının qürurverici təntənəsini yaşayır - Vüqar Rəhimzadə

12.11.2025 10:26 4 baxış sayı 6 dəq. oxuma Trend
Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bütün ərazilərimizdə bərqərar olmasının qürurverici təntənəsini yaşayır - Vüqar Rəhimzadə

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 ili tamam olur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən bu Əsas Qanun ölkəmizdə müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirdi. Konstitusiya dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, plüralizmə təminat verilməsi kimi ideya və dəyərləri geniş şəkildə təsbit edib. Milli dövlətçilik tariximizdəki müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış 1 noyabr 1996-cı il tarixli Fərmana əsasən, hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratdı.


Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycanın konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da qəbul edilib, sonrakı versiyaları isə 1925, 1927, 1937 və 1978-ci illərdə təsdiqlənib. 1978-ci ildə, Ümummilli Lider Heydər Əliyevin təklifi ilə Konstitusiyanın 73-cü maddəsində "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası yer alıb. Lakin 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1991-1993-cü illərdəki hakimiyyətin zəif fəaliyyəti cəmiyyət həyatında kəskin böhrana səbəb olmuşdu. O dövrdə nə dövlət idarəçiliyi mexanizmləri formalaşdırıla bildi, nə də vətəndaşların azad və təhlükəsiz yaşamaq hüququ təmin edildi.


1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni mərhələ başladı. Ümummilli Liderin yaratdığı möhkəm təməlin nəticəsidir ki, bu gün Azərbaycan xalqı böyük qürur hissi ilə Zəfərimizin beşinci, milli Konstitusiyamızın qəbulunun 30-cu ildönümünü qeyd edir. Ölkəmizdə son 22 ildə Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi möhtəşəm uğurlara yol açdı. 1995-ci il Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Əsas Qanunumuz dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu üçün mühüm qanunvericilik bazası rolunu oynayır.


Konstitusiyada Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilsə də, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması suveren hüquqlarımızın həmin ərazilərdə tətbiqinə mane olurdu. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi milli ideyanın əsas məqsədlərindən birinə çevrildi. 2020-ci il Vətən müharibəsində tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20 tarixlərində həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Artıq Konstitusiyasının hüquqi qüvvəsi bütün ərazilərimizdə bərqərar olmuşdur. Xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyin və hüquqi qüvvənin tam bərpasının qürurverici təntənəsini yaşayır. Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı suveren dövlət anlayışının real təcəssümüdür.


Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri bir daha diqqətə çatdırmaq məqsədi daşıyır. Bu qərar suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından çox vacibdir. Konstitusiyaya indiyədək edilmiş əlavə və dəyişikliklər dövlətin sosial-iqtisadi bazasının güclənməsindən və vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən irəli gəlib. Məsələn, 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla 29 maddədə 41 əlavə və dəyişiklik edilib. Bu dəyişikliklər ali dövlət hakimiyyəti orqanlarının işinin təkmilləşdirilməsinə və insan hüquqlarının daha səmərəli təmin edilməsinə yönəlmişdi. Son dəyişikliklə idarəetmə sistemində vitse-prezidentlik institutu yaradıldı. Möhkəm təmələ əsaslanan siyasət sayəsində, müasir, qalib Azərbaycan postmünaqişə dövrünün əsas çağırışlarını yüksək səviyyədə yerinə yetirərək demokratik, hüquqi və sivil dövlət quruculuğu yolunda inamla addımlayır.


S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: