Azərbaycan güləşçiləri İslam Oyunlarında daha 3 medal qazanıblar (FOTO)

20.11.2025 19:56 7 baxış sayı 3 dəq. oxuma Trend
Azərbaycan güləşçiləri İslam Oyunlarında daha 3 medal qazanıblar (FOTO)

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında güləş yarışları davam edir. Azərbaycan idmançıları bu gün sərbəst və qadın güləşi üzrə mübarizədə daha üç medal qazandılar. Qazanılan medallar arasında iki gümüş və bir bürünc var. Sərbəst güləşdə İslam Bazarqanov, qadın güləşində isə Ruzanna Məmmədova gümüş medalların sahibi oldular. Nigar Mirzəzadə isə bürünc medalı boynundan asdı. Bu nəticələr güləş komandasının ümumi uğurunu artırır.


Sərbəst güləş yarışlarında İslam Bazarqanov (57 kq) güclü çıxış etdi. O, ilk görüşdə iranlı Ali Momenijujadehə (4:2), daha sonra isə əfqanıstanlı Sayed Zazayı tam üstünlüklə (11:0) məğlub edərək finala yüksəldi. Həlledici görüşdə qırğızıstanlı Abdumalik Karaçova 3:9 hesabıyla uduzan Bazarqanov, layiqli gümüş medal qazandı. Əli Rəhimzadə (65 kq) də yarışa qalibiyyətlə başladı, türkiyəli Ahmet Dumana 5:1 hesabıyla qalib gəldi, ardınca isə misirli Səid Elqaşa heç bir şans tanımadı (10:2). Yarımfinalda ikiqat dünya çempionu Rəhman Amuzaddan (İran) uduzan (0:7) Rəhimzadə, bürünc medal uğrunda özbəkistanlı Ümidcan Cəlalova məğlub oldu (3:8).


Qadın güləşçilərimizdən Ruzanna Məmmədova (62 kq) finala qədər çeviklik və yüksək texnika nümayiş etdirdi. O, fələstinli Ayla Mayalini vaxtından əvvəl (10:0) məğlub etdi, ardınca özbəkistanlı Nigina Sabirova üzərində inamlı qələbə qazandı (6:0). Ruzanna həlledici görüşdə nigeriyalı Ester Kolavole ilə qarşılaşdı. Təcrübəli rəqiblə döyüşdə əzmkarlıq göstərsə də, o, son saniyələrdə qələbəni əldən verdi və debüt etdiyi İslamiadanı gümüş medalla başa vurdu.


Nigar Mirzəzadə (68 kq) yarışa inamla başladı, indoneziyalı Desi Sintayanı 12:7 hesabıyla məğlub edərək yarımfinala çıxdı. Burada qırğızıstanlı Meerim Jumanazarovaya uduzdu (1:12). Digər güləşçimiz Zəhra Kərimzadə (76 kq) startda özbəkistanlı Sevincçoy Polvonovanı (5:0) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda kamerunlu Vilita Pelaqiyeyə məğlub oldu. Bürünc medal görüşündə banqladeşli Həlimə Akter xalçaya çıxmadığı üçün Nigar Mirzəzadə fəxri kürsünün üçüncü pilləsinə yüksəldi. Sabah son dörd sərbəst güləşçimiz medal uğrunda mübarizə aparacaq.


N
Olimpiya idmanları müxbiri

Olimpiya idman növləri və idmançıların hekayələrini danışmağı xoşlayıram. Qadın idmanının inkişafı mənim ürəyimə yaxın mövzudur.

Bütün məqalələrə baxın
Paylaş: