Azərbaycan bu gün Cənubi Qafqazın əsas güc mərkəzinə çevrilib - Kamaləddin Qafarov

08.11.2025 07:06 8 baxış sayı 4 dəq. oxuma Trend
Azərbaycan bu gün Cənubi Qafqazın əsas güc mərkəzinə çevrilib - Kamaləddin Qafarov

Milli Məclisin deputatı Kamaləddin Qafarovun sözlərinə görə, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə Azərbaycanın Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratmasına səbəb oldu. Ölkəmiz bu Zəfər nəticəsində təkcə torpaqlarını işğaldan azad etmədi, həm də regionun əsas güc mərkəzinə çevrildi. Deputat bildirib ki, bu uğur Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasətinin, ordumuzun gücünün və xalqımızın iradəsinin birgə nəticəsi idi. İşğal altında olan torpaqların düşməndən azad edilməsi və Azərbaycan bayrağının bütün sərhədlər boyunca dalğalanması dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub. Bu, uzun illər ərzində ardıcıl şəkildə həyata keçirilən dövlətçilik strategiyasının təsdiqi oldu.


Otuz ilə yaxın davam edən işğal dövründə Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq ədalətin sülh yolu ilə bərpasına çalışırdı. Lakin Ermənistanın təxribatları və qeyri-konstruktiv mövqeyi sülhə imkan vermədi. Buna görə də, 2020-ci ildə başlayan əks-hücum əməliyyatı ilə Azərbaycan öz torpaqlarında beynəlxalq hüququn təminatçısı qismində çıxış etdi. Vətən müharibəsində əldə olunan Qələbə sadəcə hərbi uğur deyil, eyni zamanda, tarixi-siyasi ədalətin bərpası idi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün bu addımı atdı və bu, beynəlxalq müstəvidə də haqlı mövqeyimizi təsdiqlədi. Zəfərin yaratdığı yeni reallıqlar beynəlxalq səviyyədə də qəbul edilir.


Deputat qeyd edir ki, Prezident İlham Əliyev müharibə dövründə olduğu kimi, sonrakı mərhələdə də regionda sabitliyin və əməkdaşlığın qurulması üçün ardıcıl diplomatik siyasət yürüdür. Qələbədən sonra başlayan proseslər dövlətimizin siyasi iradəsini və regional məsuliyyətini göstərir. Buraya sərhədlərin müəyyənləşdirilməsi, nəqliyyat-kommunikasiya layihələrinin inkişafı və sülh müqaviləsinin gündəmə gətirilməsi daxildir. Həmçinin, Azərbaycan Ordusunun müasir döyüş strategiyası və dövlətin informasiya sahəsində qazandığı üstünlük bir çox ölkələr tərəfindən nümunə kimi öyrənilir. II Qarabağ savaşında əldə edilmiş bu tarixi uğur həm də türk dünyasının birliyini daha da gücləndirdi və ölkəmizin beynəlxalq nüfuzunu artırdı.


Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri Qələbənin bir davamı kimi qiymətləndirilir. Yeni şəhərlərin, müasir infrastrukturların və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi Azərbaycanın gələcəyə yönəlik vizionunu nümayiş etdirir. Azad edilmiş torpaqlar sadəcə dirçəldilmir, həm də regionun əməkdaşlıq mərkəzinə çevrilir. Prezident İlham Əliyev demişdi ki, biz təkcə torpaqlarımızı azad etmədik, özümüzü yeni dövrə daşıdıq. Bu, milli gücün və siyasi liderliyin qabarıq ifadəsidir. Zəfər Günü isə bizə daim həm gücümüzü, əzəmətimizi, həm də regional məsuliyyətimizi xatırladır.


V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: