
ART sayəsində İİV artıq idarəolunan xəstəlikdir - Səhiyyə Nazirliyi

Hər il dekabrın 1-i dünya miqyasında QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir. Bu günün beynəlxalq səviyyədə qeyd olunması İİV infeksiyasının və QİÇS-in yayılmasına qarşı qlobal səyləri birləşdirməyə xidmət edir. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədovun verdiyi məlumata görə, Antiretrovirus Terapiyası (ART) sayəsində İİV artıq ölümcül deyil, idarəolunan xroniki xəstəlik hesab edilir. İİV infeksiyası İnsan İmmunçatışmazlığı Virusları tərəfindən törədilir və immun sistemin getdikcə zədələnməsi ilə irəliləyir. Xəstəliyin gedişatında dörd mərhələ müəyyən edilir; ilkin mərhələdə halsızlıq və limfa düyünlərinin böyüməsi müşahidə olunur. QİÇS isə bu infeksiyanın sonuncu mərhələsidir. Bu mərhələdə immun sistemin zədələnməsi daha proqressiv olur, nəticədə xəstələrdə vərəm, mərkəzi sinir sisteminin zədələnməsi və bədxassəli şişlər kimi çoxsaylı ağırlaşmalar inkişaf edir.
Azərbaycanda ilk İİV-ə yoluxma hadisəsi 1987-ci ildə aşkarlanıb. 1987-ci ildən 2025-ci ilin üçüncü rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 11 min 260 nəfər İİV-lə yaşayan vətəndaş rəsmi qeydiyyatdadır. Qeydiyyatda olanların 70%-i kişilər, 30%-i isə qadınlardır. Ölkəmizdə məqsədyönlü şəkildə icra edilən əksepidemik və profilaktik tədbirlər nəticəsində Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələr arasında İİV-in yayılma göstəricisi ən aşağı olan ölkələrdəndir. Hazırda İİV-in aşkarlanması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun olaraq RQMM-də və regionlarda əlçatanlığı təmin etmək məqsədilə 10 regional laboratoriyada həyata keçirilir. Yüksək risk qruplarının müayinəsi səyyar və stasionar könüllü müayinə məntəqələrində aparılır. Bütün müayinələr pulsuz, anonimlik və konfidensiallıq prinsipinə tam əməl olunmaqla icra edilir. Bu yanaşma, fərdlərin qorxu hissi olmadan testdən keçməsinə şərait yaradır və diaqnozun məxfiliyini qoruyur.
ART, virusa qarşı yüksək effektivliyə malik müalicə üsulu olaraq İİV-lə mübarizənin əsasını təşkil edir. Müalicənin əsas məqsədi virusun bədəndə çoxalmasının qarşısını almaq, qandakı virus səviyyəsini təyin olunmayan həddə endirməkdir. Bu, virusun ötürülməsinin qarşısını alır, epidemioloji təhlükəsizliyi təmin edir və immun sistemin fəaliyyətini bərpa edir. Beləliklə, yanaşı xəstəliklərin və ağırlaşmaların inkişafı dayanır, xəstələrin həyat keyfiyyəti yaxşılaşır. Azərbaycanda İİV-lə yaşayan şəxslərə ART 2006-cı ildən etibarən tətbiq edilir. Müalicə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən uğurla koordinasiya olunur və aparılır. Bu gün on mindən çox Azərbaycan vətəndaşı antiretrovirus müalicə proqramı çərçivəsində daimi nəzarət və müalicə altındadır. Müalicə sxemləri ÜST-nin tövsiyələrinə əsasən milli protokola uyğun olaraq ödənişsiz şəkildə təyin edilir.
Xəstəliklərin qarşısının alınmasında maarifləndirmə mühüm yer tutur. İnsanlar maariflənməklə yoluxma yolları, müayinə üsulları və qorunma yolları barədə məlumatlanır. RQMM tərəfindən ümumi əhali, risk qrupları və tibb mütəxəssisləri arasında silsilə təlimlər keçirilir. Profilaktik tədbirlərə Təmasdan Öncə Profilaktika (PrEP) və Təmasdan Sonra Profilaktika (PEP) daxildir. PrEP İİV-ə yoluxmamış, lakin yüksək risk altında olan şəxslərdə virusun qarşısının alınmasına yönəlmiş tibbi tədbirdir və yoluxma ehtimalını 90-99 faiz azaldır. PEP isə qorunmamış təsadüfi cinsi kontakt və ya peşəkar təmasdan sonra virusun çoxalmasını dayandırmağa hədəflənmiş 28 günlük ARV preparat qəbuluna əsaslanır; onun effektivliyi yalnız ilk 72 saat ərzində müraciət edildikdə təmin edilir. Bütün bu profilaktik fəaliyyətlərə baxmayaraq, İİV-lə yaşayan insanlar hələ də stiqma və diskriminasiya ilə üzləşirlər. RQMM-in mütəmadi maarifləndirmə kampaniyaları və psixoloji konsultasiyaları stiqmanın azaldılmasına və bu insanların sosial inteqrasiyasının təmin edilməsinə kömək edir.
Elm və tədqiqat mövzularında yazıram. Fizika üzrə təhsil almışam, elmi kəşfləri sadə dillə izah etməyə çalışıram.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

“Səhiyyə Nazirliyi sanki süddən çıxmış ağ qaşıqdır...
Son Xeberler

Ermənistanda 468 tibb işçisi koronavirusa yoluxub
Son Xeberler

ÜST: Meymunçiçəyi Virusunun Klad 1b Ştammı Artıq A...
Son Xeberler

17 Noyabr Ümumdünya Vaxtından Əvvəl Doğuş Günü: Sə...
Son Xeberler

Bu ölkənin səhiyyə naziri koronavirusa yoluxdu
Son Xeberler

Ermənistan Səhiyyə Nazirliyi qan axtarır
Son Xeberler



