"Araz" supermarketlər şəbəkəsi "Zəfər xatirələri" sənədli filmini təqdim edib

24.11.2025 06:27 5 baxış sayı 3 dəq. oxuma Report
"Araz" supermarketlər şəbəkəsi "Zəfər xatirələri" sənədli filmini təqdim edib

8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə "Araz" supermarketlər şəbəkəsinin hazırladığı "Zəfər xatirələri" sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə rəsmi qonaqlar, şəhid ailələri, qazi əməkdaşlar və şirkətin rəhbər heyəti iştirak ediblər.


Qonaqlar arasında "Veysəloğlu Şirkətlər Qrupu"nun təsisçisi və Baş İcraçı direktoru Aydın Talıbov, həmçinin "Araz" supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov da yer alıb. Bu film 44 günlük Vətən müharibəsində iştirak edərək şücaət göstərmiş "Araz" supermarketlər şəbəkəsinin qəhrəman əməkdaşlarının real döyüş xatirələrindən bəhs edir.


Filmdə müharibə iştirakçıları Vətən uğrunda mübarizə yollarından, döyüş meydanında yaşadıqları unudulmaz anlardan və göstərdikləri fədakarlıqlardan danışıblar. Tədbirdə çıxış edən Aydın Talıbov müharibə iştirakçısı olan əməkdaşlara təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycanın tarixi Zəfəri Ali Baş Komandanın siyasəti, minlərlə igidin şücaəti, fədakarlığı və Vətən sevgisi hesabına qazanılıb. Talıbovun sözlərinə görə, bu gün burada toplaşmağın məqsədi yalnız o günləri xatırlamaq deyil, həm də qələbəni bizə qazandıran qəhrəmanların xatirələrini əbədi yaşatmaqdır. O, "Araz" ailəsinin bir parçası olan əməkdaşların bu şərəfli tarixdə pay sahibi olmasının böyük qürur mənbəyi olduğunu vurğulayıb.


Aydın Talıbov şirkətin gələcək fəaliyyəti barədə məlumat verib. O əlavə edib ki, "Veysəloğlu Şirkətlər Qrupu" hər zaman şəhid ailələrinin və müharibə iştirakçılarının qayğı ilə əhatə olunması, həmçinin qəhrəmanlıq tariximizin yaşadılması istiqamətində layihələr həyata keçirməyə davam edəcək. Tədbirdə həmçinin "Araz"ın şəhid əməkdaşlarının ailə üzvləri çıxış edərək qəhrəmanların həyat yolundan danışıblar. Onlar qəhrəmanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər. "Zəfər xatirələri" sənədli filminin hazırlanması Vətən müharibəsində iştirak etmiş əməkdaşların cəsarətini və vətənpərvərliyini gələcək nəsillərə ötürməyi hədəfləyir.


R
Əmlak bazarı müxbiri

Daşınmaz əmlak bazarı və tikinti sektoru üzrə yazıram. Bakının necə dəyişdiyini izləmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: