Almaniyada yaşayan azərbaycanlı gənc pianoçunun Berlində “Narın içində not” adlı solo konserti keçirilib (FOTO)

24.11.2025 15:55 12 baxış sayı 2 dəq. oxuma Trend
Almaniyada yaşayan azərbaycanlı gənc pianoçunun Berlində “Narın içində not” adlı solo konserti keçirilib (FOTO)

Almaniyada yaşayan gənc azərbaycanlı pianoçu Nərmin Nəcəfli Berlində solo konsert proqramı ilə çıxış edib. "Narın içində not" adlanan bu konsert milli musiqimizin Avropada təbliği məqsədini daşıyırdı. Tədbir dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilmişdi.


Bu mədəniyyət tədbiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil edilmişdi. Nərmin Nəcəfli konsertdə Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Vaqif Mustafazadə, Fərhad Bədəlbəyli və Adil Bəbirovun əsərlərini ifa etdi. O, eyni zamanda, Frederik Şopen və Frans List kimi tanınmış Avropa bəstəkarlarının seçilmiş nümunələrini də səsləndirdi.


Pianoçunun ifasında dinləyiciləri xüsusilə duyğulandıran əsərlər oldu. Üzeyir Hacıbəylinin "Sevgili canan"ı zərif lirizmi ilə auditoriyanın qəlbinə toxundu. Qara Qarayevin "Don Kixot" simfonik qravürlərindən olan "Səyahət" isə öz dinamizmi ilə iştirakçıların zövqünü oxşadı. Tofiq Quliyevin "Lirik Vals"ı və Vaqif Mustafazadənin "Düşüncə"si improvizasiya zənginliyi ilə seçildi, dərin emosional anlar yaşatdı. Gənc pianoçunun peşəkar ifası tədbir boyu dəfələrlə gurultulu alqışlarla qarşılandı.


N
Mədəni irs müxbiri

Muzey və tarix-mədəniyyət abidələri haqqında yazıram. Azərbaycanın zəngin mədəni irsini dünyaya tanıtmaq istəyirəm.

Bütün məqalələrə baxın
Paylaş: