Ağdamın quruculuğu sürətli və əzəmətlidir

20.11.2025 05:26 14 baxış sayı 6 dəq. oxuma Trend
Ağdamın quruculuğu sürətli və əzəmətlidir

2020-ci il noyabr ayının 20-də Azərbaycan Ordusunun nəzarətinə keçən Ağdam rayonu ərazisinə görə olduqca strateji coğrafiyada yerləşir. Bu torpaqların işğaldan azad edilməsi Vətən müharibəsinin bitməsindən sonra Azərbaycanın qazandığı növbəti hərbi-siyasi zəfər oldu. Ağdamın 1993-cü ildə işğala məruz qalması AXC-Müsavat iqtidarının yarıtmaz fəaliyyətinin nəticəsi idi. Ağdam uğrunda gedən döyüşlərdə 6 mindən artıq vətəndaşımız şəhid olmuş, 128 min rayon sakini məcburi köçkün həyatı yaşamağa məcbur qalmışdı. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi işğalı pisləsə də, Ermənistan bu tələbləri illərlə yerinə yetirməkdən yayındı. Xalqımızın Prezident İlham Əliyevin qətiyyətli siyasətinə olan inamı isə 44 günlük Zəfərlə reallaşdı. Vətən müharibəsindəki qələbənin siyasi təsdiqi olan 10 noyabr Üçtərəfli bəyanatının şərtləri əsasında, Azərbaycan Ordusu itki vermədən, bir güllə belə atmadan 2020-ci il noyabrın 20-də Ağdamı işğaldan azad etdi. 27 illik həsrətdən sonra Ağdam azadlığına qovuşdu.


Ağdam azad ediləndən sonra ermənilərin törətdiyi vandalizm geniş şəkildə üzə çıxdı. Şəhərdən demək olar ki, əsər-əlamət qalmamışdı; düşmən hətta qismən salamat qalan məsciddən hərbi məqsədlər üçün istifadə edib. Onlar həmçinin xalqımızın tarixi irsinə qənim kəsilərək, Şahbulaq qalasını erməniləşdirməyə çalışsalar da, buna nail ola bilmədilər. İşğaldan sonra Ağdama ilk səfəri zamanı Prezident İlham Əliyev demişdi ki, dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Ölkə başçısı şəhəri və bütün kəndləri bərpa edəcəklərini bildirdi. O, 44 gün ərzində göstərilən birlik və əzmkarlığın azad edilmiş torpaqların bərpası işində də göstəriləcəyinə əminliyini ifadə edib. Prezidentin bu sözləri Ağdamda böyük quruculuq işlərinin başlanmasına təkan verdi.


Ötən dövrdə Ağdam şəhərində və bütün rayon ərazisində həyata keçirilən bərpa işləri Prezidentin vədinin sürətlə gerçəkləşdiyini göstərir. İşğaldan azad edilmiş ərazilər üzrə ilk olaraq Ağdam şəhərinin Baş planı təsdiq olunub. Prezident İlham Əliyev 2021-ci il mayın 28-də Ağdam şəhərinin bərpasının təməl daşını qoydu. Həmin gün ilk yaşayış binasının, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının, Ağdam Sənaye Parkının və Bərdə-Ağdam avtomobil yolunun təməlləri atıldı. Qısa müddət ərzində Ağdam şəhər 1 nömrəli tam orta məktəbin, 1 nömrəli körpələr evi-uşaq bağçasının, Muğam Mərkəzinin, Dəmir Yolu və Avtovağzal Kompleksinin, həmçinin “Aghdam City Hotel”in inşası tamamlanıb. Ağdam Cümə məscidi isə Heydər Əliyev Fondu tərəfindən bərpa edilib. Hazırda yaşayış komplekslərinin, rayon mərkəzi xəstəxanasının, “Park Forest Hotel Ağdam” mehmanxanasının, “İmarət” stadionunun tikintisi davam edir.


Bərpa işləri nəticəsində Ağdam şəhəri azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşaması planlaşdırılır. Rayonda Bərdə-Ağdam yolunun tikintisi, İmarət Kompleksinin bərpası başa çatdırılıb. Eyni zamanda “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi və Xaçınçay su anbarı istifadəyə verilib. Rayonun yenidən qurulan Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinin birinci mərhələsinin açılışı olub və sakinlər doğma yurdlarına qayıtmağa başlayıblar. 2025-ci ilin oktyabr ayına qədər 825 ailə, yəni 3300 nəfərdən çox sakin evlərinə qayıdıb. Digər kəndlərin də bərpası üçün layihələndirmə işləri aparılır. Bu genişmiqyaslı işlər yenidən məskunlaşdırılması sürətləndirir.


Ağdamın bərpası prosesində əhalinin məşğulluğunun təmin edilməsi xüsusi nəzərə alınır. Bu baxımdan rayonda həyata keçirilən ən böyük iqtisadi layihə Ağdam Sənaye Parkının yaradılmasıdır. Prezident İlham Əliyevin fərmanı ilə yaradılan bu park, rezident sayına görə ölkədə Sumqayıt Sənaye Parkından sonra ikinci ən böyük iqtisadi sahə sayılır. İndiyə qədər ümumi investisiyalarının həcmi 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Hazırda parkda 9 müəssisə çalışır, 5-dən çox müəssisənin tikintisi davam edir. Sahibkarlar tərəfindən 115 milyon manatdan çox investisiya yatırılıb, 938 nəfər daimi işlə təmin edilib. Sənaye müəssisələri təkcə bu rayonun deyil, bütün Qarabağın iqtisadi inkişafına mühüm töhfə verəcək. Quruculuq əzminin nəticəsi olaraq yeni və müasir Ağdam sürətlə formalaşır, tezliklə regionun ən gözəl yerlərindən biri olacaq.

Milli Məclisin deputatı Xanlar Fətiyev


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: