Adam oğurluğunda ittiham edilən dəstə üzvlərinə cəza istənilib

04.02.2026 08:13 28 baxış sayı 3 dəq. oxuma APA
Adam oğurluğunda ittiham edilən dəstə üzvlərinə cəza istənilib

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğu ittihamı ilə mühakimə olunan dəstə üzvlərinin cinayət işi üzrə növbəti proses keçirilib. Hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edildi.


Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən yeddi şəxs üçün ciddi cəza müddətləri istəyib. Təklifə əsasən, Şücayət Rzayevin 12 il, Səlim Əliyev, Müştəba Əliyev, Samir Hüseynov və Təbriz Əliyevin hər birinin 11 il, Murad Rzayevin 9 il və Əhməd Əzizovun isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi tələb olunur. Müdafiə tərəfi çıxış üçün vaxt istədi. Məhkəmənin növbəti iclası fevralın 25-nə təyin edilib. Bu iş Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanovun oğurlanması ilə bağlıdır.


Cinayətin əsası Ağaxanovun "TikTok" sosial şəbəkəsində açdığı hesabla bağlıdır. Nəzirxan Ağaxanov "Nəzirxan qanuni oğruların dədəsi" adlı hesabı vasitəsilə kriminal aləmdə Rövşən Lənkəranski ləqəbi ilə tanınan Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələr paylaşmışdı. Bu paylaşımları görən bir qrup şəxs Ağaxanovu cəzalandırmaq qərarına gəlib. İttiham sənədlərinə görə, Şücaət Rzayev tanışı Elsevər Əhmədovun sifarişi ilə digər şəxslərlə birlikdə Ağaxanovu oğurlayıb, onu təhqir edib və xəsarət yetirib.


Təqsirləndirilən şəxslər Ağaxanovun mobil telefonunu əldə edərək onu guya iş görüşməsi bəhanəsi ilə Zabrat qəsəbəsinə çağırıblar. Onlar Ağaxanovu əvvəlcədən planlaşdırdıqları kimi yük avtomobilinin yük yerinə yerləşdirərək əl-qolunu və gözlərini yapışqan lentlə bağlayıblar. Daha sonra onu Zabrat qəsəbəsində yaşadığı evə aparıblar. Evdə Təbriz Əliyev, Elnur Alışov, Əhməd Əzizov və Murad Rzayev kəsici-deşici alətlərdən istifadə edərək zərərçəkənə müxtəlif işgəncələr veriblər. İşgəncə verilən şəxsi yaşadığı evin həyətindəki toyuq hininə salıblar. Həmin şəxslər Ağaxanovdan üzr istəməsini tələb edib və çəkilən üzr videosunu sosial şəbəkələrdə paylaşıblar. Hüquq-mühafizə orqanları bu cinayətlə bağlı təqsirləndirilən yeddi nəfər barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) və digər maddələri üzrə cinayət işi açıb, onlar barəsində həbs qətimkan tədbiri seçilib.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: