“5-ci kolon” kimi xarakterizə edilən qüvvələr ictimai-siyasi gündəmdən tədricən uzaqlaşır - Deputat

04.11.2025 14:27 8 baxış sayı 6 dəq. oxuma Trend
“5-ci kolon” kimi xarakterizə edilən qüvvələr ictimai-siyasi gündəmdən tədricən uzaqlaşır - Deputat

Son illərdə Azərbaycanın siyasi palitrasında dəyişiklik meylləri daha qabarıq şəkildə hiss olunur. Cəmiyyətin ictimai-siyasi gözləntiləri, dövlət idarəçiliyindəki yeni yanaşmalar və regional geosiyasi proseslər siyasi aktorların fəaliyyətinə birbaşa təsir göstərir. Uzun illər müxalif spektrin əsas dayaqlarından hesab olunan AXCP, Müsavat Partiyası və bəzi siyasi dairələrin “5-ci kolon” kimi təsvir edilən qüvvələri ictimai-siyasi gündəmdən tədricən uzaqlaşır. Bu proses yalnız konkret siyasi təşkilatların zəifləməsi ilə əlaqəli deyil. Seçicilərin yeni siyasi yanaşmalara və alternativlərə olan tələbatının artması da bu vəziyyəti dəyişir. Hadisələrin inkişafı Azərbaycanın siyasi səhnəsinin yenidən formalaşmasına və ölkədə yeni güc balansının yaranmasına diqqət çəkir. Milli maraqları ziddinə çıxan qrupların xalqın gözündə etimadı tamamilə itirməsi bu dəyişikliklərin əsas nəticələrindəndir.


Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qeyd edib ki, möhtərəm Prezident hələ 2020-ci ildə, VI çağırış Milli Məclisin ilk iclasındakı tarixi çıxışında Azərbaycanda siyasi sistemi möhkəmləndirməyə və siyasi münasibətləri sağlam zəmində gücləndirməyə ehtiyac olduğunu bəyan etmişdi. Dövlət başçısının bu tezisləri rəhbər tutularaq, həm VI, həm də VII çağırış Milli Məclisdə müxalifətə istər Parlamentin sədarətində, istərsə də komitə və komissiyaların rəhbərliyində yer verildi. Bu addım siyasi sistemin sağlamlaşdırılması və milli siyasi həmrəyliyin təmin edilməsi istiqamətində mühüm bir mərhələ oldu. Vətən müharibəsi və antiterror tədbirləri zamanı, anti-Azərbaycan mövqeyin daşıyıcısı olan marginal dairələri çıxmaq şərtilə, bütün siyasi partiyalar ümummilli məqsədlər ətrafında sıx birləşərək milli həmrəyliyə öz töhfələrini verdilər. Lakin bir zamanlar Mixail Qorbaçovun siyasəti çərçivəsində formalaşan və 30 ildə xarici güclərin marioneti kimi çıxış edən Xalq Cəbhəsi və Müsavat partiyaları bir qayda olaraq antimilli mövqeyini qorumağa üstünlük verdilər. Onlar Azərbaycan dövləti və xalqının mənafelərini yox, tezisləri aldıqları dairələrin direktivlərini müdafiə etməyə çalışdılar.


Əlbəttə, Azərbaycan xalqı bu reallığı görür və nəticə etibarilə artıq onillərdir ki, siyasi hakimiyyətin heç bir qolunda AXCP-Müsavat ünsürlərinə etimad göstərilmir. Bu qüvvələr bir zamanlar Azərbaycan ərazilərinin qurban verilməsi və çevriliş yolu ilə hakimiyyəti zəbt etməklə xatırlanır. Onlar yenidən Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur torpaqları hesabına hakimiyyətdə qalmağa cəhd etmişdilər. Ötən dövr ərzində cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda ictimai-siyasi sabitliyə tam nail olundu. Siyasi müstəqillik möhkəmləndi, iqtisadi müstəqillik bərqərar edildi, habelə milli qanunvericilik təkmilləşdirildi. Vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində şəffaflığı təmin edən bu vəziyyət fonunda, xalqın dəstəyini itirən marginal qruplaşma hərəkət imkanlarından məhrum oldu. B. Məhərrəmov vurğulayıb ki, onlar artıq bir zamanlar onlara tezislər və direktivlər etibar edən xarici qüvvələrin də dəstəyindən məhrum olmağa başlayıblar. Deputat dövlət başçısının 2020-ci il mart ayının 10-da Parlamentdə ifadə etdiyi sözləri xatırladıb: "həmin xarici dairələrin burada özünü müxalifət adlandıran qruplaşmalardan əlləri üzülüb, onlara heç bir inam qalmayıb".


Deputatın qeyd etməsinə görə, təsadüfi deyil ki, anti-Azərbaycan dairələr artıq “5-ci kolon” obrazını xaricdə axtarır. Bu istiqamətdə "mühacirlər"dən ibarət yeni "söyüş müxalifəti" qruplaşmasının təsis edilməsinə start verilib. Hər bir dövlətdə siyasi müxalifətin mövcudluğu insan və vətəndaş hüquq və azadlıqlarının təmini üçün vacibdir. Amma dünya təcrübəsində siyasi səhnədə və seçkilərdə uğur qazana bilməyən qüvvələr bir qayda olaraq könüllü şəkildə geri çəkilir, reallıqlarla barışırlar. 30 ildən artıq bir müddətdə davamlı məğlubiyyətə və xalqın gözündə xəyanətkar imiclərinə baxmayaraq, AXC-Müsavat ünsürləri kənar dəstəkçilərin köməyinə bel bağlayaraq zorla siyasi səhnədə qalmağa çalışmış, daxili siyasi sabitliyi pozan fəaliyyətlərə girişmişdilər. Xüsusən AXCP qruplaşması dövlətin maraqlarını hədəf alan istənilən xarici dairə ilə əməkdaşlıqdan çəkinməmişdir. Azərbaycan xalqı üçün bu qüvvələr artıq siyasi meyitdən başqa bir şey deyil. Müharibə və antiterror tədbirlərindən sonra yaranan yeni reallıq, milli xəyanət yolunu tutmuş bu dairələr üçün uyğunlaşmaq şansı verir. B. Məhərrəmov əlavə edib ki, uyğunlaşmanın yeganə üsulu onların reallıqla barışması, yarıtmaz fəaliyyətlərinə son qoyaraq özlərinə başqa iş axtarmaları ola bilər.


F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: