"4Sİ Akademiyası – Milli Proqram"ın yarımillik nəticələri açıqlanıb

02.12.2025 06:47 9 baxış sayı 3 dəq. oxuma Trend
"4Sİ Akademiyası – Milli Proqram"ın yarımillik nəticələri açıqlanıb

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Təhsilin İnkişafı Fondunun birgə həyata keçirdiyi “4Sİ Akademiyası – Milli Proqram”ın altı aylıq nəticələri açıqlanıb. 4SİM-in Layihələrin İdarə Olunması Şöbəsinin müdiri Gülminə Məlikzadə bu nəticələrə dair təqdimat zamanı məlumat verib. Proqramın ikinci mərhələsinin əsas məqsədi vətəndaşların rəqəmsal bacarıqlarının genişləndirilməsi, beynəlxalq sertifikatlı yerli mütəxəssislərin hazırlanması və əmək bazarının ixtisaslı kadrlarla təmin edilməsidir.


Hazırda proqramda 37 min 500 istifadəçi qeydiyyatdan keçib. Bu şəxslərdən 13 mindən çoxu ödənişsiz proqramdan yararlanır. Ümumilikdə, istifadəçilərə 217 min kurs təqdim olunub və indiyə qədər 77 min kurs tamamlanıb. Pilot layihə çərçivəsində Coursera platformasında qeydiyyatdan keçən 10 min istifadəçi arasında qadınlar daha çoxluq təşkil edib. Statistikaya əsasən, proqram daxilində 18 min 647 nəfərlə 6-cı kohort üzrə rekord sayda kurs tamamlanması baş verib. Kursu uğurla bitirən iştirakçılara xüsusi rəqəmsal nişan (badge) verilir və bunu sosial platforma hesablarında qeyd etmək mümkündür. Mobil tətbiq vasitəsilə internet olmayan məkanlarda da kurslardan istifadə etmək olur.


İstifadəçilərin coğrafi bölgüsündə Bakı (34 148 nəfər) lider mövqedədir. Paytaxtı Abşeron (2 883 nəfər) və Sumqayıt (2 371 nəfər) izləyir. Təhsil səviyyəsinə görə iştirakçıların böyük hissəsini bakalavr təhsili alanlar təşkil edir. Proqramda orta məktəb və ekvivalent təhsil səviyyəsindən də 816 nəfər iştirakçı yer alır. Peşə kateqoriyaları üzrə bölgüdə 16 751 mütəxəssis, 2 200 müəllim, 1 351 tələbə, 605 CEO və 332 mühəndis qeydə alınıb ki, bu da rəqəmsal biliklərə böyük tələbatı göstərir.


İş təcrübəsinə görə məlumatlar maraqlıdır. 10-20 il təcrübəsi olan 7 374 nəfər platformadan daha çox istifadə edib. 1-3 il təcrübəsi olanların sayı isə 6 178 nəfər təşkil edir. Kurslar əsasən süni intellekt, layihələrin idarə olunması və digər aktual rəqəmsal sahələri əhatə edir. İzlənmə saatları üzrə SOCAR, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universiteti ön sıralarda yer alıb. Universitetlər arasında kursların tamamlanma göstəricilərinə görə Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilk iki sıradadır.


V
Peşə təhsili müxbiri

Peşə təhsili və kadr hazırlığı mövzusunda yazıram. Gənclərin hansı peşələrə yönəldiklərini izləmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: